Almaniyanın “Volksvagen” avtokonserni növbəti həftə “Audi” və “Porşe”nin 2026-cı ildə Formula 1-də iştirak edə biləcəyi ilə bağlı qərar qəbul etməyə hazırlaşır. “Volksvagen”ə məxsus bu iki şirkət 2026-cı ildən “Kral avtoyarışları”nda mübarizə aparmaq istəyir. “Röyters”in məlumatına görə, “Audi” kompaniyası “Maklaren”ə əməkdaşlıq üçün 500 milyon dollar təklif edib. “Porşe” isə “Red Bull”la uzunmüddətli müqavilə imzalamaq istəyir.
Yeri gəlmişkən, məsələyə “Red Bull”un məsləhətçisi Helmut Marko da münasibət bildirib: “Desəm ki, 2026-cı ildə Maks Ferstappeni “Red Bull Porşe” komandasında görmək istəyirəm, siz elə başa düşəcəksiniz ki, biz artıq onlarla müqavilə imzalamışıq. Hələ ki, “Porşe” ilə ortaq məxrəcə gəlməmişik. Biz hazırda bütün istiqamətlərdə danışıqlar aparırıq. İndi bütün mühərrik istehsalçıları “Red Bull”a əməkdaşlıq etməkdə maraqlıdır”. Xatırladaq ki, ötən mövsümə qədər “Red Bull” “Honda” mühərriklərindən istifadə edirdi. Hazırda Avstriya komandası Yaponiya şirkətinin mühərriki əsasında hazırlanan öz hərəkət qurğusundan yararlanır.